az
en

Müxbirlərlə bağlı tələblər

Azərbaycan Respublikasında müxbirlərin təyin edilməsi şərtləri

1.1 Azərbaycan Respublikasında müxbir dedikdə, məsuliyyəti Yaşıl Kart sistemi çərçivəsində sığortalanmış xarici nəqliyyat vasitələrinin iştirakı ilə Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri üzrə tələblərin tənzimlənməsini həyata keçirmək məqsədilə, Yaşıl Kart sisteminə daxil olan xarici ölkələrin Yaşıl Kart bürolarının üzvləri olan sığorta şirkətləri (bundan sonra – xarici sığortaçılar) tərəfindən təyin edilən və Büro tərəfindən verilmiş səlahiyyətlər əsasında fəaliyyət göstərən hüquqi şəxs(lər) başa düşülür.
1.2 Daxili Reqlamentin 4-cü maddəsinə əsasən, xarici sığortaçıların Azərbaycan Respublikası ərazisində müxbirlərinin təyin edilməsi ilə bağlı şərtlər “Yaşıl Kart” Beynəlxalq Sığorta Sistemi Çərçivəsində Tələblərin Tənzimlənməsi Qaydaları ilə müəyyən edilir.
1.3 Yalnız Yaşıl Kart sığortaçıları Azərbaycan Respublikasında müxbir təyin oluna bilərlər.
1.4 Müxbir Azərbaycan Respublikasının işğal olunmuş əraziləri istisna olmaqla, Abşeron, Aran, Dağlıq Şirvan, Gəncə-Qazax, Quba-Xaçmaz, Lənkəran, Naxçıvan, Kəlbəcər-Laçın, Şəki-Zaqatala və Yuxarı Qarabağ iqtisadi rayonlarına daxil olan rayon və (və ya) şəhərlərdən ən azı birində tələblərin tənzimlənməsi üçün lazımi imkanları olan tənzimləmə xidmətinə malik olmalıdır.
1.5 Hər bir xarici sığortaçı Azərbaycan Respublikası ərazisində yalnız bir müxbir təyin edə bilər.
1.6 Azərbaycan Respublikasında müxbirlərin təyin edilməsi müxbir təyin etmək istəyən xarici sığortaçının üzv olduğu Yaşıl Kart Bürosunun rəhbərinin müraciətinə əsasən aşağıdakılar nəzərə alınmaqla həyata keçirilir: Xarici ölkənin Yaşıl Kart Bürosundan müxbirin təyinatı barədə müraciət daxil olduqda (müraciətə müxbirliyə namizədin razılığını təsdiq edən sənəd (bəyanat) və ya müxbirlə qarşılıqlı münasibətlərini müəyyən edən müqavilə (müxbir münasibətləri haqqında müqavilə) əlavə edilməlidir), Büro müxbirliyə namizədi müvafiq müraciətin daxil olması barədə məlumatlandırır və onun müəyyən edilmiş tələblərə uyğunluğunu araşdırır.
1.7 Müxbir münasibətləri haqqında müqavilə aşağıdakı mühüm şərtləri özündə əks etdirməlidir:
1.7.1 müxbirin, hadisənin baş verdiyi ölkənin ərazisində qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş müddət ərzində zərərçəkənlərə ödəniş vermək öhdəliyi, bu öhdəliyin icra olunmaması nəticəsində vurulmuş zərər məbləğindən az olmayan həddə məsuliyyət daşıması;
1.7.2 müxbirin, zərərin məbləğinin ilkin qiymətləndirilməsinin nəticəsi və qiymətləndirmənin dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə məlumatı, qiymətləndirmənin aparıldığı vaxtdan üç iş günü ərzində xarici Yaşıl Kart sığortaçısına və ya xarici ölkənin Yaşıl Kart Bürosuna göndərməsi;
1.8 Müxbirliyə namizəd 1.6-cı bəndində göstərilən qaydada məlumatlandırıldığı tarixdən ən geci yeddi iş günü ərzində Büroya aşağıda qeyd olunan sənəd və məlumatları təqdim edir:
1.8.1 Müxbirin təyinatı barədə müraciətdə göstərilmiş xarici sığortaçının rəsmiləşdirdiyi Yaşıl Kart müqavilələri üzrə tələblərin tənzimlənməsi zamanı “Yaşıl Kart” Beynəlxalq Sığorta Sistemi Çərçivəsində Tələblərin Tənzimlənməsi Qaydalarında və Daxili Reqlamentlə müəyyən edilmiş tələblərə riayət edəcəyi barədə yazılı öhdəlik;
1.8.2 Azərbaycan Respublikasının iqtisadi rayonlarında mövcud olan tənzimləmə xidmətləri barədə məlumatlar (adı, yerləşdiyi yer, Büro və zərərçəkənlərin əlaqə saxlamaları üçün nəzərdə tutulan telefon nömrələri və elektron poçt ünvan(lar)ı).
1.9 Büro müxbirliyə namizədin fəaliyyətinin monitorinqini aparmaq hüququna malikdir.
1.10 Müxbirliyə namizədin “Yaşıl Kart” Beynəlxalq Sığorta Sistemi Çərçivəsində Tələblərin Tənzimlənməsi Qaydalarında müəyyən edilmiş tələblərə uyğunluğunun araşdırılması üçün Büro tərəfindən müxbirliyə namizəddən əlavə məlumatlar və sənədlər tələb oluna bilər.
1.11 Büro aşağıdakı hallarda müxbirin təyinatından imtina etmək hüququna malikdir:

1.11.1 müxbirliyə namizəd Azərbaycan Respublikasında müxbirlər üçün müəyyən edilmiş tələblərə uyğun olmadıqda;
1.11.2 müxbirliyə namizəd “Yaşıl Kart” Beynəlxalq Sığorta Sistemi Çərçivəsində Tələblərin Tənzimlənməsi Qaydalarında nəzərdə tutulmuş məlumatları və ya sənədləri təqdim etmədikdə;
1.11.3 müxbirliyə namizədin Büro qarşısında borcu olduqda və ya müxbirliyə namizəd digər xarici Yaşıl Kart sığortaçılarına münasibətdə müxbir kimi öz öhdəliklərini yerinə yetirmədikdə;
1.11.4 müxbirin təyinatı barədə müraciətdə göstərilən xarici sığortaçının əvvəl təyin edilmiş müxbir qarşısında tələblərin tənzimlənməsi üzrə xərclər və ya tənzimləməyə görə haqqlar üzrə borcu olduqda.
1.12 Azərbaycan Respublikasında müxbirin təyin edilməsi barədə müraciətə cavab, müvafiq müraciətin alındığı vaxtdan üç ay ərzində göndərilməlidir. 1.8-ci bənddə göstərilən məlumat və sənədlərin alınması və ya müxbirliyə namizədin fəaliyyətinin monitorinqinin aparılması üçün tələb olunan vaxt bu müddətə daxildir. Müraciətə cavab üç ay ərzində göndərilməzsə, barəsində müraciət daxil olmuş şəxs müxbir qismində təsdiq edilmiş sayılır.
1.13 Azərbaycan Respublikasında müxbir 1.8.2-ci bənddə göstərilən məlumatlarda baş verən dəyişikliklər barədə həmin dəyişikliklərin baş verdiyi vaxtdan on iş günü ərzində Büronu yazılı şəkildə məlumatlandırmalıdır.
1.14 Azərbaycan Respublikasında müxbir təyin edilmiş şəxs müxbir qismində fəaliyyət göstərməkdən imtina etdikdə, fəaliyyətini dayandırmaq istədiyi tarixdən ən azı on iş günü əvvəl bu barədə Büronu yazılı şəkildə məlumatlandırmalıdır. Göstərilən məlumatı aldıqda Büro müxbirin səlahiyyətlərinə xitam verir.