az
en

Bürolar Şurası

Bürolar Şurası - Avtonəqliyyat vasitələri sığortaçılarının milli bürolarının (5 saylı Tövsiyəyə uyğun olaraq ölkədə yaradılmış və Bürolar Şurasının üzvü olmuş peşəkar təşkilatlar) beynəlxalq assosiasiyası, eyni zamanda Yaşıl Kart Sisteminin inzibatçılığı və fəaliyyəti üzrə məsul olan idarəedici təşkilatdır.

Bürolar Şurasının Məqsədi - Yaşıl Kart Sisteminə daxil olan üzv ölkələrin ərazilərində yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxslərin müdafiəsini təmin edir və aşağıda qeyd olunan funksiyaları həyata keçirir:

  • Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının Quru Nəqliyyatı Komitəsinin Yol Nəqliyyatı üzrə İşçi Qrupunun (bundan sonra “İşçi Qrupu”) nəzdində beynəlxalq avtonəqliyyat vasitələri sığortası kart sisteminin (Yaşıl Kart Sistemi) fəaliyyətini təmin edir;
  • 1949-cu ildə İşçi Qrupu tərəfindən qəbul edilmiş 5 saylı Tövsiyənin (E/ECE/TRANS/145), həmin Tövsiyəyə sonradan edilmiş hər hansı dəyişikliklərlə birgə, həyata keçirilməsi məqsədi ilə bütün zəruri tədbirlərin görülməsini təmin edir;
  • Yaşıl Kart Sisteminin fəaliyyətinə aid olan məsələlərlə bağlı İşçi Qrupu və ya digər müvafiq orqanlarla sıx əlaqələr saxlayır və bu orqanlar tərəfindən qaldırılmış məsələlərə baxır;
  • Bürolar Şurasının Daxili Reqlamentinə riayət edilməsini təmin edir;
  • Yol-nəqliyyat hadisəsi baş vermiş ölkənin rezidenti olmayan zərərçəkən şəxslərin müdafiəsini təmin edir.

Bürolar Şurasının iki rəsmi dili var - İngilis dili və Fransız dili.

BÜROLAR ŞURASININ İDARƏETMƏ ORQANLARI

Bürolar Şurasının ali orqanı olan Baş Assambleya və idarəedici orqanı olan İdarəedici Komitə tərəfindən idarə olunur.

Baş Assambleyanın səlahiyyətləri və funksiyaları

Baş Assambleya Bürolar Şurasının ümumi məqsədlərindən irəli gələn istənilən məsələyə baxmaq və qərar qəbul etmək səlahiyyətinə malikdir. Baş Assambleya “Yaşıl Kart” Sisteminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri hesab etdiyi bütün tədbirləri həyata keçirməli, həmçinin Bürolar Şurasının və onun Üzvlərinin ümumi maraqlarını və mənafelərini qorumalıdır.

Bunlarla yanaşı Baş Assambleya aşağıdakı funksiyaları həyata keçirir:

  • Bürolar Şurasının Prezidentini (bundan sonra – Prezident) təyin edir və İdarəedici Komitənin tövsiyəsindən sonra Vitse – Prezidentini və Baş Katibini təsdiq edir;
  • Üzvlərin maliyyə ödənişlərini müəyyən edir və İdarəedici Komitə tərəfindən təqdim olunan illik Audit Hesabatlarını təsdiq edir;
  • Daxili Reqlamentdə nəzərdə tutulan, sığorta tələblərinin tənzimlənməsinə görə haqqın hesablaması qaydasını müəyyən edir;
  • Yaşıl Kart sisteminə üzvlüklə bağlı ərizələri, üzvlüyün dayandırılması və xitamı, həmçinin üzvlüyün bərpası və üzvlüyə qəbul olunma şərtləri barədə qərarlar qəbul edir;
  • Bürolar Şurasının Məqsədi çərçivəsində Baş İşçi Qrupundan daxil olan, Avropa Birliyi və ya digər orqanlar tərəfindən qaldırılan məsələlərin həll edilməsi barədə qərarlar qəbul edir;
  • Kənar Auditləri təyin edir və İdarəedici Komitənin təklifi əsasında onların mükafatlandırılması barədə qərarlar qəbul edir;
  • Daxili Auditləri təyin edir və onların illik hesabatlarını təsdiq edir.
  • Bürolar Şurasının Nizamnaməsində müəyyən edilmiş məqsəd və vəzifələrə uyğun digər funksiyaları yerinə yetirir.

İdarəedici Komitənin səlahiyyətləri

İdarəedici Komitə aşağıdakı funksiyaları həyata keçirir:

  • Bürolar Şurasının və Üzvlərinin ümumi maraq və mənafelərini müdafiə edir;
  • Bürolar Şurasının funksiya və xərcləri üzrə nəzarəti həyata keçirir;
  • Prezidentlə birlikdə Komitələrə tapşırılmış vəzifələri koordinasiya edir, bu vəzifələrin yerinə yetirilmə prioritetlərini müəyyən edir və Baş Assambleyaya təqdim ediləcək hesabatları təsdiq edir;
  • Bürolar Şurasının sıradan və ya xüsusi illik Büdcəsini, Fəaliyyət planını və Prezident tərəfindən təklif olunan strateji məsələləri təsdiqləyir, iqtisadi sahədə mühüm əhəmiyyət kəsb edən məsələlərlə bağlı qərar qəbul edir;
  • Xüsusi məsələlərin baxılması məqsədilə İşçi Qrupları yaratmaq və bu İşçi Qruplarının hazırladığı hesabatlara əsasən qərar qəbul edir;
  • Bürolar Şurasının Nizamnaməsində müəyyən edilmiş məqsəd və vəzifələrinə uyğun digər funksiyaları həyata keçirir.

BÜROLAR ŞURASININ DAİMİ KOMİTƏLƏRİ

  • Daxili Reqlament üzrə Komitələr
    • Ümumi Qaydalar üzrə Komitə
    • Xüsusi Qaydalar üzrə Komitə
  • Müraciətlərlə iş üzrə Komitə
  • Monitorinq Komitəsi