Yaşıl Kart Sistemi haqqında

Yaşıl Kart Sistemi 1949-cu ildə Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının (UNECE) Quru Nəqliyyatı Komitəsinin Yol Nəqliyyatı üzrə İşçi Qrupu tərəfindən üzv ölkələrin hökumətlərinə göndərilmiş tövsiyə (5 saylı Tövsiyə) əsasında təsis edilmiş və 1 yanvar 1953-cü il tarixindən tətbiq olunmağa başlamışdır.

Əksər Avropa ölkələri, habelə Rusiya, Türkiyə, Ukrayna, Belarus Respublikası, İran, Mərakeş və bir sıra bu kimi ölkələri təmsil edən Yaşıl Kart bürolarının daxil olduğu Yaşıl Kart Sistemi avtonəqliyyat vasitələrinin sahiblərinin (istifadəçilərinin) mülki məsuliyyəti üzrə beynəlxalq sığorta təminatı sistemi qismində fəaliyyət göstərir. Sistemin başlıca məqsədi xarici avtonəqliyyat vasitələrinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri zamanı zərər çəkmiş şəxslərin bununla əlaqədar tələblərinin hadisənin baş verdiyi ölkənin daxili qanunvericiliyi ilə nəzərdə tutulmuş şərtlərə və qaydalara uyğun olaraq tənzimlənməsidir. Bu məqsədlər üçün, sistemə üzv büroların qarşılıqlı zəmanəti əsasında, avtomobil nəqliyyatı vasitələri ilə xarici ölkələrə səfər edən sürücülərin səfər ərzində mülki məsuliyyətini sığortalayan vahid təminat sistemi təşkil edilir. Nəticə etibarı ilə, avtomobil nəqliyyatı vasitələri ilə sistemin əhatə etdiyi xarici ölkələrə səfər edən sürücülərin öz ölkələrindəki sığortaçılardan Yaşıl Kart əldə etməsi onun bütün səfər boyunca mülki məsuliyyətinin tam sığortalanmasını nəzərdə tutur və səfər etdiyi hər bir müvafiq xarici ölkənin sərhədində yeni mülki məsuliyyət sığortası almaq tələbindən azad edir.

Hazırda Yaşıl Kart Sisteminə 47 Yaşıl Kart büroları tərəfindən təmsil edilməklə 48 ölkə üzvdür.

Yaşıl Kart Sisteminə üzv olan ölkələrin xəritəsi