İcbari Sığorta Bürosunun funksiyaları

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63-1.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında Yaşıl Kart Sistemi üzrə əlaqələndirici ixtisaslaşdırılmış təşkilat kimi Bürolar Şurasına üzv olan milli Yaşıl Kart Bürosunun funksiyalarını İcbari Sığorta Bürosu həyata keçirir. Büro Yaşıl Kart Sistemində iştirakla və Bürolar Şurasında üzvlüyü ilə əlaqədar aşağıdakı funksiyaları həyata keçirir:

  • Yaşıl Kart Sistemində iştirakla bağlı iştirakçılarının fəaliyyətini təmin etmək;
  • Yaşıl Kart Sistemində iştirakla əlaqədar Büro və onun iştirakçıları üçün məcburi xarakter daşıyan qayda və təlimatlar hazırlamaq və qəbul etmək, həmin qayda və təlimatlara riayət olunmadıqda “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102- ci maddəsinə uyğun olaraq təqdimat verilməsi üçün sığorta nəzarəti orqanı qarşısında vəsatət qaldırmaq;
  • “Azərbaycan Yaşıl Kart blanklarının formasını 5 saylı Tövsiyədə müəyyən edilmiş tələblərə uyğun şəkildə təsdiq etmək, həmin blankları mərkəzləşdirilmiş qaydada çap etdirmək;
  • Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və sahibinin mülki məsuliyyəti sığortalanmış avtonəqliyyat vasitələrinin xaricdə istifadəsi nəticəsində dəyən zərərlərin tənzimlənməsi ilə bağlı iştirakçısının adından və onun vəsaitləri hesabına xarici ölkələrin yaşıl kart bürolarına zəmanət vermək;
  • Xarici ölkələrdə qeydiyyatdan keçmiş və qüvvədə olan Yaşıl Karta malik avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində dəyən zərərlərin tənzimlənməsi və belə zərərlərə görə sığorta ödənişlərinin həyata keçirilməsinə dair zəmanət vermək;
  • Yaşıl Kart Sistemi çərçivəsində Bürolar Şurası ilə münasibətlərdə Büronun iştirakçı sığortaçılarını təmsil etmək;
  • Xarici ölkələrin Yaşıl Kart büroları ilə sənədlərin qarşılıqlı tanınmasına dair ikitərəfli sazişlər bağlamaq;
  • Xarici ölkələrdə qeydiyyatdan keçmiş və qüvvədə olan Yaşıl Karta malik avtonəqliyyat vasitələri sahiblərinin Azərbaycan Respublikası ərazisində istifadəsi nəticəsində dəymiş zərərlə bağlı sığorta ödənişlərinin Daxili Reqlamentdə nəzərdə tutulmuş qaydada həyata keçirilməsini təmin etmək, bununla əlaqədar yaranan hüquqlarını həyata keçirmək üçün Daxili Reqlamentdə nəzərdə tutulmuş qaydada zəruri hərəkətlər etmək, habelə belə zərər və hüquqlarla bağlı Daxili Reqlamentlə və Bürolar Şurasının bildiriş, qayda və təlimatlarında nəzərdə tutulan digər hərəkətləri etmək;
  • Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və qüvvədə olan Yaşıl Karta malik avtonəqliyyat vasitələrinin Yaşıl Kart Sisteminin tətbiq edildiyi xarici ölkələrin ərazisində istifadəsi nəticəsində dəyən zərərlərin Daxili Reqlamentdə nəzərdə tutulmuş qaydada tənzimlənməsini təşkil etmək və ya əvəzini bilavasitə ödəmək, belə zərər və hüquqlarla bağlı Daxili Reqlamentlə və Bürolar Şurasının qayda və təlimatlarında nəzərdə tutulan digər hərəkətləri etmək;
  • Ödəmə qabiliyyətini itirmiş, verdiyi Yaşıl Kart saxta hesab edilmiş, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü ilə məşğul olmaq icazəsi ləğv edilmiş və ya ləğvetmə prosesinə başlanılmış iştirakçı sığortaçıların Yaşıl Kart Sistemində iştirakı ilə bağlı öhdəlikləri üzrə xarici ölkələrin Yaşıl Kart bürolarına zəmanət vermək;
  • Büronun Yaşıl Kart Sistemində iştirakı ilə əlaqədar, Bürolar Şurasının qayda və təlimatları ilə tələb olunan qaydada maliyyə təminatını (Büronun Yaşıl Kart Sistemində iştirakı ilə bağlı öhdəlikləri üzrə bank zəmanətini və təkrarsığorta proqramını) sığorta nəzarəti orqanı ilə razılaşdırmaqla Bürolar Şurasına təqdim etmək;
  • İştirakçı sığortaçıların Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyəti ilə əlaqədar maliyyə öhdəliklərini əhatə etmək məqsədilə bu Qanunla müəyyən edilmiş qaydada cari öhdəliklər ehtiyatını formalaşdırmaq;
  • Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət üzrə məlumat mübadiləsini və nəzarəti təmin etmək məqsədilə informasiya sisteminə malik olmaq, həmçinin informasiya və təşkilati-texniki təminatın həyata keçirilməsi üçün tədbirlər görmək;
  • Yaşıl Kart Sistemi çərçivəsində sığorta risklərinin bölüşdürülməsi üzrə vahid təkrarsığorta proqramını müəyyən etmək və belə risklərin təkrarsığortalanmasını nəzərdə tutan təkrarsığorta müqavilələrində iştirakçı sığortaçıların adından onların vahid təmsilçisi kimi çıxış etmək;
  • Büronun Yaşıl Kart Sistemində iştirakı ilə əlaqədar bu Qanundan, Daxili Reqlamentdən və ya Bürolar Şurasının qəbul etdiyi qayda və ya təlimatlardan irəli gələn digər funksiyaları yerinə yetirmək.